OĞUZDA 2008-Cİ İLİN YEKUNLARI GENİŞ MÜZAKİRƏ OLUNMUŞDUR
Oğuz, 20 fevral (AZƏRTAC). Oğuz Rayon Mədəniyyət Evində rayon İcra hakimiyyətinin 2008-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Rayon rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək, ulu öndərin abidəsi önünə gül-çiçək düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları mədəniyyət evinin foyesində rayonda istehsal olunan məhsulların sərgisi ilə tanış olmuşlar.
Rayon İcra hakimiyyətinin başçısı Aydın Əlihüseynovun 2008-ci ilin yekunları və qarşıda duran vəzifələr barədə hesabat məruzəsində ötən il Oğuzun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında baş verən müsbət dəyişikliklər, ayrı-ayrı sahələr üzrə qazanılan uğurlar geniş təhlil edilmiş, yol verilmiş nöqsanlara toxunulmuş, qarşıda duran vəzifələrdən söhbət açılmışdır.
Məruzəçi bildirmişdir ki, 2008-ci ildə rayonda ümumi məhsul buraxılışının həcmi 69 milyon 850 min manat təşkil etmiş, o cümlədən 41 milyon 523 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, adambaşına düşən məhsul istehsalı artaraq, 1734 manata çatmışdır. İl ərzində rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala 19,5 milyon manatlıq investisiya qoyulmuşdur. Bu, əvvəlki ilə nisbətən 46,3 faiz çoxdur.
Hesabat dövründə rayonda əmtəə dövriyyəsinin həcmi 2007-ci illə müqayisədə 33,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 27,4 faiz artmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramından irəli gələn vəzifələrin uğurlu icrası nəticəsində 2008-ci ildə rayonda 1229 yeni iş yeri açılmışdır. Bu iş yerlərinin 556-sı daimidir. Ümumiyyətlə, müvafiq Dövlət proqramının qəbul edilməsindən ötən 5 ildə rayonda 2612-si daimi olmaqla, 10832 yeni iş yeri yaradılmışdır.
Natiq bildirmişdir ki, Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərləri dövlət siyasətinin yerlərdə həyata keçirilməsinə səmərəli nəzarət mexanizminin tərkib hissəsidir. Dövlət başçısı son üç ildə 3 dəfə Oğuz rayonunda olmuş, 14 obyektin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, bir sıra tikintilərdə işlərin gedişi ilə yaxından tanış olmuşdur. Prezident İlham Əliyev 2008-ci il sentyabrın 20-də Oğuza növbəti səfəri zamanı Olimpiya-İdman Kompleksinin və “AFRA-otel” kurort və biznes mərkəzinin açılışında iştirak etmiş, mərkəzi parkın və Qlükoza zavodunun tikintisi ilə maraqlanmışdır. Cənubi Qafqazda yeganə olan bu zavodun ümumi dəyəri 12 milyon ABŞ dollarıdır. Tam gücü ilə işə düşdükdən sonra zavodda 80 ton qarğıdalı emal ediləcək və bundan qida sənayesində istifadə olunan 50 tona yaxın qlükoza istehsal ediləcəkdir.
Qeyd olunmuşdur ki, 2008-ci ildə rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında nəzərdə tutulmuş strateji əhəmiyyətli Filfili körpüsü, Oğuz şəhərində gündəlik istehsal güçü 5 ton olan çörək məmulatları sexi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli bina, habelə ümumi yaşayış sahəsi 6432 kvadratmetr, dəyəri isə 4 milyon 835 min manat olan 124 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir. Bundan əlavə, müvafiq Dövlət proqramında nəzərdə tutulmuş 80 çarpayılıq xəstəxana binasının tikintisi başa çatdırılmış, Oğuz-Xaldan yolunun 6 kilometrlik hissəsi təmir edilmiş, Bucaq kəndinə 13 kilometr uzunluğunda yeni su kəməri çəkilmiş, kəndlərdə 14 artezian quyusu qazılıb istifadəyə verilmişdir.
Son illərdə rayonda Heydər Əliyev Fondunun təşəbbüsü və dövlət vəsaiti hesabına 960 yerlik 6 yeni məktəb binasının tikilib istifadəyə verildiyi, şəhərdəki 1 və 2 nömrəli məktəb binalarının əsaslı təmir olunduğu nəzərə çarpdırılmışdır. Qeyd olunmuşdur ki, 2008-ci ildə Bucaq kəndində 240 şagird yerlik yeni məktəb binası istifadəyə verilmiş, habelə Oğuz şəhərində, Böyük Söyüdlü və Xaçmaz kəndlərində hər biri 360 yerlik 3 yeni məktəb binasının tikintisinə başlanmışdır.
Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, rayonda turizmin inkişafı üçün mühüm tədbirlərin həyata keçirildiyini, Oğuz şəhəri, habelə Calut və Xalxal kəndləri ərazisində yeni turizm obyektlərinin tikildiyini nəzərə çarpdıran məruzəçi, bu obyektlərə 15 milyon manat sərmayə qoyuluşunun nəzərdə tutulduğunu bildirmişdir.
Ötən il rayonda taxıl istehsalı əvvəlki illə müqayisədə 13 min 744 ton və ya 47,9 faiz artaraq, 42 min 445 tona çatdırılmışdır. Keçən mövsümdə rayonda buğda istehsalı 2007-ci illə müqayisədə 11 min 977 ton və ya 69 faiz artmışdır. 2008-ci ildə 4415 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına dövlət tərəfindən 761 min manat yardım verilmişdir.
Rayonda sahibkarlığın inkişafı üçün münbit şərait yaradılmışdır. Təkcə 2008-ci ildə sahibkarllıq subyektlərinə 1 milyon 327 min manat kredit verilmişdir. Özəlləşdirilmiş müəssisələrin, o cümlədən “Oğuz Repreduktor Quşçuluq Fabriki”, “Oğuz-Şərab” ASC, “Oğuz-Rabitə evi” və digər müəssisələrin öz təyinatları üzrə fəaliyyət göstərməmələri, bunun rayonun sosial-iqtisadi inkişafına mənfi təsiri xüsusi qeyd edilmişdir.
Məruzədə, həmçinin əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən geniş bəhs olunmuş, bu sahədə mövcud olan nöqsan və problemlərə toxunulmuşdur.
Yığıncaqda çıxış edənlər görülmüş işlər və qarşıda duran vəzifələrdən danışmışlar.
Prezidentin İcra Aparatının məsul işçisi Məhərrəm Quliyev yığıncaqda çıxış edərək 2008-ci ildə respublikamızın əldə etdiyi uğurlardan danışmış, qarşıda duran vəzifələrə toxunmuşdur.