Olimpiya Oyunlarına siyasi qərəz qatmaq Fransaya başıucalıq gətirməyəcək - Şərh
Bakı, 30 iyul, AZƏRTAC
Fransa bütün hüquq və əxlaq normalarını aşaraq ölkəmizə qarşı qərəzli siyasətini davam etdirir. Rəsmi Paris beynəlxalq təşkilatlarda ona verilmiş statusdan sui-istifadə edərək dövlətimizə qarşı əlinə düşən hər fürsətdən yararlanmağa çalışaraq qarayaxma kampaniyası aparır. Öz maraqları üçün başqa xalqları əzməyi, onların milli–mənəvi dəyərlərini məhv etməyi, təbii sərvətlərini mənimsəməyi və kolonialist siyasətini həyata keçirməyi vərdiş etmiş Fransa Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın Cənubi Qafqazda layları dəyişdirməsi nəticəsində düşdüyü məğlubiyyətini qəbul edə bilmir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.
O bildirib ki, Fransa dünyada sülhü, birliyi, bərabərliyi və həmrəyliyi özündə əks etdirən beynəlxalq idman yarışlarına da kölgə salmağa çalışır. Ölkədə keçirilən 33-cü Olimpiya Oyunlarında keyfiyyətsiz təşkilatçılıq, milyonlarla miqrantın hüquqlarının pozulması, gələn qonaqlara qarşı cinayətlərin törədilməsi, idmançıların qida ilə standartlardan aşağı vəziyyətdə təminatı, açılış mərasimində xristian dünyasının dini inancının ələ salınması və ölkəmizə qarşı ayrı-seçkilik, separatizmin dəstəklənməsi kimi halların baş verməsi bu zamanadək dünyaya sırımağa çalışdıqları “fransız mədəniyyətinin, hüququnun, siyasətinin” əsl mahiyyətini ortaya çıxardı.
“Hələ 1894-cü ildə qəbul edilmiş və əsas məqsədi insanların fiziki, mənəvi inkişafına təsir göstərmək, gəncləri idman vasitəsilə qarşılıqlı anlaşma və dostluq ruhunda tərbiyə, dünyada sülh yaratmağa kömək etmək, bütün dünya xalqlarının xeyirxah iradəsini stimulaşdırmaq olan Olimpiya Xartiyasının prinsiplərinə zidd davranaraq beynəlxalq idman aləminin ən populyar yarışı olan Olimpiya Oyunlarına siyasi qərəz qatmaq Fransaya başucalığı gətirməyəcək. Olimpiya Xartiyası belə idman yarışlarından siyasi məqsədlər üçün istifadə olunmasını, irqi, dini və etnik ayrı-seçkiliyin təbliğini qadağan edir. Oyunların ruhuna zidd olaraq həmrəylik nümayiş etdirmək əvəzinə, Azərbaycan idmançılarının keçidi zamanı dünyanın gözü qarşısında separatizm təəssübkeşliyi göstərməsi və onu təbliğ etməsi Fransa hökumətinin düşdüyü vəziyyətin acizliyini göstərir.
Türkiyəli idmançının futbol üzrə Avropa çempionatında milli totem olan “Bozqurd” işarəsi nümayiş etdirdiyinə görə ayağa qalxanlar nədənsə Fransa tərəfindən ölkəmizə qarşı törədilmiş təxribata susurlar. “Bozqurd” işarəsini ayrı-seçkilik, etnik millətçiliyin təbliği kimi idmanın prinsiplərinə və qaydalarına zidd olduğunu düşünənlərin bayrağında beş qitənin birliyini, həmrəyliyini simvolizə edən Olimpiya Oyunlarında Azərbaycana yönəlmiş qərəzli siyasəti görməzdən gəlirlər”, - deyə politoloq vurğulayıb.
O əlavə edib ki, Fransanın əlinə düşən hər fürsətdə ölkəmizə qarşı həyata keçirdiyi mənfi ritorika, heç şübhəsiz, bizim onun törətdiyi qanunsuzluqlarını ifşa etmə siyasətimizi dayandırmayacaq. Dövlətimizin başçısı müsahibə və çıxışlarında tez-tez bildirir ki, “bizimlə heç kim təhdid və şantaj dilində danışa bilməz”. Bunu ona görə deyir ki, biz Fransa kimi ölkələrin nə işlə məşğul olduğunu bilir və görürük. Dünyada milyonlarla insanın hüquqlarını pozan, fundamental dəyərlərinin təsbit olmasına, yaşamasına imkan verməyən, xalqların müstəqilliyinin, millətlərin öz müqəddəratının təyin olunmasını əngəlləyən, yaşadıqları ölkələrdə insanları aclığa, susuzluğa məhkum edən, məcburiyyətdən immiqrasiya edənləri həbs düşərgələrində saxlayan Fransa gec-tez Azərbaycan qarşısında məğlubiyyətini qəbul etmək məcburiyyətində qalacaq.