OLİMPİYA OYUNLARININ BÜRÜNC MÜKAFATÇISI İRADƏ AŞUMOVANIN ÇIXIŞI
Hörmətli görüş iştirakçıları!
Olimpiadanın ilk günlərindən xalqımız biz idmançıların çıxışlarını böyük maraq və həyəcanla izləmişdir. Mən bu gün fərəh hissi keçirirəm ki, biz bu inamı doğrultduq, Vətənimizə üzüağ qayıtdıq.
Mən olimpiadada ilk medal qazanan idmançı oldum. Yarışlarda bürünc medal əldə etdim. Bu yol mənim üçün heç də hamar olmamışdır. Olimpiadaya hazırlığın ilk dövrlərində bizə yaradılan əlverişli şərait, sosial-məişət problemlərimizin dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılması qələbələrin qazanılması üçün zəmin yaratmışdır. Bu, idmançıları daha da ruhlandırmışdır.
Eləcə də qeyd edim ki, son illərdə respublikamızda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, dünya standartlarına cavab verən müasir idman komplekslərinin tikilib idmançıların istifadəsinə verilməsi Olimpiya oyunlarına daha səmərəli hazırlaşmağımıza imkan yaratmışdır.
Cənab Prezident, bu qələbənin əldə olunması üçün yaratdığınız əlverişli şərait və imkanlara görə, ilk növbədə, Sizə borcluyam. Mən öz fikrimi açıqlamaq istəyirəm. Məhz 1998-ci ildə Sizin mənə hədiyyə etdiyiniz silah idman ustalığımın artmasında mühüm rol oynamışdır. Bu silahla Olimpiya oyunlarının bürünc medalını qazanmağa nail oldum. Şəxsən Sizin tapşırığınızla Neftçi İdman-Sağlamlıq Mərkəzi tərəfindən mənim üçün İsveçrənin “Askor” firmasının elektron səbətlərinin alınması da Olimpiadaya hazırlığıma müsbət təsir göstərmişdir.
Möhtərəm Prezident, Sizin bizə göstərdiyiniz etimad Afinada olduğumuz günlərdə bizi qələbəyə səsləmiş, var qüvvə ilə mübarizə aparmağa sövq etmişdir. Bütün idmançılar adından Sizə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, mənim Afinadakı bu uğurumdan sonra ölkəmizdə bu idman növünə maraq daha da artacaqdır. Mənim yolumu davam etdirəcək idmançı nəsli gələcək Olimpiya oyunlarında daha yüksək əyarlı medallar qazanacaqdır.