Ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi artıb
Bakı, 4 avqust, AZƏRTAC
2021-ci ilin I yarısında ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2020-ci ilin analoji dövrü ilə müqayisədə 22,3 faiz artaraq 15,9 milyard manat, o cümlədən nağdsız ödənişlərin həcmi 55,6 faiz artaraq 4,5 milyard manat olub.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2020-ci ilin I yarımili ilə müqayisədə 6 faiz bəndi yüksələrək 28,1 faizə bərabər olub. Ümumiyyətlə, hesabat dövründə ödəniş kartları ilə aparılan hər 100 manatlıq əməliyyatın 28 manatı nağdsız, 72 manatı isə nağd əməliyyatlar təşkil etməkdədir. Ötən ilin I yarısında bu göstərici müvafiq olaraq 22 və 78 manat təşkil edirdi. Ölkədə bank kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. 2021-ci ilin I yarımilində elektron ticarət əməliyyatlarının sayı 2020-ci ilin analoji dövrü ilə müqayisədə 40,3 faiz artaraq 43,2 milyon ədəd, həcmi isə 35,6 faiz artaraq 2,4 milyard manat olub. Təsərrüfat subyektlərində 2021-ci ilin I yarımili ərzində POS-terminal vasitəsilə aparılan əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artaraq 42,7 milyon ədəd, həcmi isə 85,3 faiz artaraq 1,8 milyard manat olub. POS-terminallarla aparılan təmassız ödənişlərin sayı və həcmi isə 2020-ci ilin I yarımil göstəricilərini müvafiq olaraq 4,2 və 6,6 dəfə üstələyib.