Ölkəmizdə 9 ay ərzində 2 milyon 242 min ağac əkilib
AZƏRTAC xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı məlumat verib.
Bildirilib ki, görülmüş tədbirlər nəticəsində meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artıb. Nazirin sözlərinə görə, son 10 il ərzində 103 min hektar sahədə meşə-bərpa işləri aparılıb və yeni meşələr salınıb, 80 milyon ağac yetişdirilib. Son 10 ildə meşə fonduna daxil olmayan ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər təşkilatlar tərəfindən 20 milyondan artıq müxtəlif növ ağac və kol əkilib. Son 4-5 il ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarla əhatə olunmuş Bakı və Abşeron yarımadasında 3405 hektar ərazidə 3,5 milyon ağac əkilib, ərazi 10 min kilometrdən çox uzunluğunda müasir damcılı suvarma sistemləri ilə təmin olunub. 8160 kubmetr həcmində 10 yeraltı dəmir-beton su anbarı, 200 min kubmetr həcmində 7 torpaq su anbarı, 18 nasosxana, 40-dək müxtəlif tikililər inşa edilib, 10 kilometrlərlə elektrik xətləri çəkilib, onlarla transformator quraşdırılıb, alternativ su mənbələri yaratmaq üçün 42 kilometr iritutumlu su xətləri çəkilib, minlərlə kubmetr gübrə daşınmış və ərazilərə verilib.
Nazir müxtəlif bölgələrdə 1700 hektar sahədə 1,1 milyondan artıq əsasən xaricdən gətirilmiş daha məhsuldar və davamlı zeytun tinglərinin əkildiyini də diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda tarixən yaradılmış zeytun bağlarından hazırda 900 hektara qədəri qorunub saxlanılıb. Son iki il yarımda əkilmiş ağacların hesabına zeytun bağlarının sahəsi 3 dəfə artaraq 2 600 hektara çatıb.