ÖLKƏMİZİN DÖVLƏT SƏRHƏDLƏRİ ETİBARLI SURƏTDƏ QORUNUR
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın dövlət sərhədinin mühafizəsi yüksək səviyyədədir və ötən ay dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərən 19 nəfər sərhəd pozucusu saxlanılmışdır. Onların 8-i İran, 8-i Azərbaycan, qalan üçü isə Rusiya, Gürcüstan və Qazaxıstan vətəndaşlarıdır.
Sərhəd rejimi qaydalarını pozduğu üçün 16 halda 32 nəfər ( 21-i Azərbaycan, 8-i Çin və 3-ü Türkiyə vətəndaşı), vizaları olmadığı üçün 57 halda 96 nəfər (21-i İran, 19-u Türkiyə, 10-u Azərbaycan, 10-u Nigeriya, 4-ü Çin, 4-ü Hindistan, 3-ü Tunis, 2-si Böyük Britaniya, 2-si Fransa, 2-si İordaniya, 2-si Özbəkistan, 2-si Tayland, hər ölkədən bir nəfər olmaqla ABŞ, BƏƏ, Əfqanıstan, Filippin, Qvatemala, Misir, Solomon adaları, Yaponiya, Mauritius vətəndaşı və 6 nəfər vətəndaşlığı olmayan şəxs), vizalarının müddəti qurtardığı üçün 35 nəfər (11-i Türkiyə, 8-i İran, 2-si Böyük Britaniya, 2-si Latviya, hər ölkədən bir nəfər olmaqla Almaniya, Rumıniya, Türkmənistan vətəndaşı və 1 nəfər vətəndaşlığı olmayan şəxs), müvafiq sənədləri olmadığına görə 29 nəfər (17-i Azərbaycan, 4-ü Ukrayna, 2-si Rusiya, 2-si Tacikistan, hər ölkədən bir nəfər olmaqla Türkmənistan, İran, Hindistan vətəndaşı və 1 nəfər vətəndaşlığı olmayan şəxs) saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Axtarışda olan 62 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilmişdir.
İyun ayında sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı bir silahlı müqavimət faktı qeydə alınmışdır. Saxlanılan sərhəd pozucularından 1 ədəd AK markalı avtomat silah, 2 gecəgörmə cihazı, 5900 ABŞ dolları, 3 ədəd mobil telefon, 39 bağlamada təqribən 39 kiloqram həşiş və 1 bağlamada 3 kiloqram heroinə oxşar narkotik maddə, 5 ədəd giliz aşkarlanaraq götürülmüşdür.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə nəticəsində ay ərzində 5 halda 145 kiloqram 284 qram narkotik maddə götürülmüşdür. Bundan əlavə, 2 ton 800 kiloqram yabanı halda bitmiş xaşxaş kolu yığılıb yandırılaraq məhv edilmişdir.
Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən sahil mühafizəsi tərəfindən saxlanılan Rusiya Federasiyasına məxsus 7 və İrana məxsus 2 gəmiyə baxış keçirilmiş, sərhəd-rejim qaydalarına riayət etməyərək sənədsiz dənizə çıxdığı üçün 7 qayıqda 17 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Qaçaqmalçılığa qarşı aparılan mübarizə tədbirləri nəticəsində 46 halda ümumi dəyəri təxminən 745 min 419 manat olan qaçaqmal saxlanılmışdır.
Azərbaycanın dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.