ÖLKƏMİZİN UĞURLU GƏLƏCƏYİ SAHİBKARLIĞIN İNKİŞAFI İLƏ BAĞLIDIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sahibkarları səmimiyyətlə salamlayan nazir qüdrətli iqtisadiyyatın təməlinin davamlı və dönməz sabitlik olduğunu, ölkəmizin uğurlu gələcəyinin məhz sahibkarlığın inkişafı ilə bağlılığını diqqətə çatdırmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin bu il fevralın 2-də Bakı Biznes Mərkəzinin təntənəli açılış mərasimində sahibkarlığın inkişafı ilə əlaqədar söylədiyi dərin məzmunlu nitqində bütün dövlət qurumlarının, o cümlədən daxili işlər orqanlarının qarşısında qoyduğu vəzifələrdən söhbət açan general-polkovnik Ramil Usubov bu istiqamətdə xeyli iş görüldüyünü və onun bundan sonra da davam etdiriləcəyini vurğulamışdır. O, sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılması məqsədi ilə həyata keçirilmiş bir sıra tədbirlərin nəticələrindən danışmış və bildirmişdir ki, sahibkarların işinə qanunsuz müdaxiləyə görə son beş ildə 244 əməkdaşa müxtəlif intizam tənbehi verilmiş, 14 nəfər tutduğu vəzifədən azad edilmiş, 80 nəfər isə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Bundan əlavə, DİN-in tərkibində fəaliyyət göstərmiş İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsi ləğv edilmiş, Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının sayı 15 faiz ixtisara salınmış, eləcə də digər tədbirlər həyata keçirilmişdir. Nəticədə, özəl sektorun fəaliyyətinə qanunsuz müdaxilələr kəskin surətdə azalmış və son 3 ildə bu kimi faktlar ümumiyyətlə qeydə alınmamışdır.
Daha sonra daxili işlər naziri ümummilli liderimiz Heydər Əliyevin 29 iyun 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarının maddi–texniki və sosial bazasının möhkəmləndirilməsi fondu” haqqında ətraflı məlumat vermiş və vurğulamışdır ki, fondun maliyyə mənbəyi respublikamızın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaitidir. Qısa müddət ərzində bir çox şirkət və firmalar, həmçinin ayrı–ayrı vətəndaşlar bu fonda müəyyən maliyyə yardımı göstərmişlər. Onlara öz təşəkkürünü bildirən nazir bu işdə daha çox fərqlənən şirkətlərin rəhbərlərinə Daxili İşlər Nazirliyinin Fəxri fərmanlarını təqdim etmişdir.
Səmimi və faydalı görüşə görə təşəkkürlərini bildirən sahibkarlar ölkəmizin iqtisadiyyatının daha da inkişafı üçün əllərindən gələni edəcəklərinə, eyni zamanda, DİO-nun maddi–texniki və sosial bazasının möhkəmləndirilməsi fonduna bundan sonra da öz maliyyə dəstəklərini əsirgəməyəcəklərinə söz vermişlər.