Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü tutularaq istintaqa cəlb edilib
Bakı, 26 dekabr, AZƏRTAC
Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 25-də saat 01 radələrində Bakı-Quba-Dağıstan avtomobil yolunun 175-ci kilometrliyində şəxsiyyəti məlum olmayan sürücü idarə etdiyi, dövlət qeydiyyat nişanı və markası məlum olmayan avtomobillə piyada, Qusar rayon sakini Bəhruz Koroğluyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakta görə Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat idarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilərək fotoşəkillər və sxem çəkilib, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Xaçmaz rayon sakini Tariyel Məmmədovun idarə etdiyi “QAZ-31105-100” markalı, 27-BS-827 dövlət qeydiyyat nişanlı avtomobillə törədilməsində əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.