Ombudsman: Hər bir vətəndaşa bərabər imkanların yaradılması ölkəmizdə insan hüquqlarının etibarlı müdafiəsinin təsdiqidir
Bakı, 2 aprel, AZƏRTAC
Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, yoxsulluğun aradan qaldırılmasına yönəlmiş kompleks tədbirlər dövlətlə vətəndaş arasındakı etimadın möhkəmlənməsində mühüm rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Respublikasının İnsan hüquqları müvəkkili (ombudsman) Səbinə Əliyeva Milli Məclisin plenar iclasında illik hesabat məruzəsi ilə çıxış edərkən deyib.
Ombudsman bildirib ki, ictimai-siyasi sabitliyin davamlı xarakter alması, müxtəlif sahələrdə hər bir vətəndaşa bərabər imkanların yaradılması, hüquq bərabərliyinin təmin edilməsi, ayrı-seçkilik hallarının qarşısının alınması ölkəmizdə insan hüquqlarının etibarlı müdafiəsinin təcəssümüdür.
Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizənin və ictimai nəzarətin gücləndirilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə idarəçilik sistemində tətbiq edilən yeniliklər Azərbaycanda aşkarlığın və şəffaflığın təmin edilməsində, qanunun aliliyinin qorunmasında özünü göstərməkdədir.