“On numara” ictimai iaşə müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 42C ünvanında yerləşən “On numara” ictimai iaşə müəssisəsində plandankənar yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib.
Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, istehlaka təqdim edilən dönərlərin müvafiq müşayiətedici sənədlərinin olmadığı, əvvəlki gün bişirilmiş dönərin yenidən isidilərək istehlaka verilməsi məqsədilə dondurucuda saxlanıldığı, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, emal zamanı qida məhsullarının təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə cavab verən xammaldan istifadə edilmədiyi, işçilərin tibbi müayinədən keçirilmədiyi və soyuq qəlyanaltıların saxlanma rejiminin normativ tələblərə cavab vermədiyi aşkarlanıb. Bundan əlavə, zərərvericilərin mətbəx sahəsinə daxil olmasının qarşısını almaq üçün tədbirlərin görülmədiyi məlum olub.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehlaka hazır qidalardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib.
Nöqsanlar aradan qaldırılanadək soyuq qəlyanaltıların emalı sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.