Ordubad və Şahbuzda COVID-19-a qarşı vaksinasiya aparılıb
Naxçıvan, 11 fevral, AZƏRTAC
Muxtar respublikanın Ordubad və Şahbuz rayonlarında tibb işçilərinin COVID-19-a qarşı vaksinasiyası aparılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq muxtar respublikanın səhiyyə müəssisələrində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir. Komissiyanın təşkilatçılığı ilə bir neçə tibb müəssisəsində COVID-19 pandemiyasına qarşı vaksinasiya aparılıb. Peyvənd ilkin mərhələdə risk qrupuna daxil olan səhiyyə işçilərinə vurulur. Ordubad və Şahbuz Rayon Mərkəzi xəstəxanalarının tibb işçilərinin vaksinasiyaya cəlb edilməsi də həyata keçirilən tədbirlərin davamıdır.
Qeyd edək ki, peyvəndləmədə təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini tətbiq olunur. Ümumilikdə, tibb işçisində aparılan vaksinasiya zamanı heç bir narahatlıq müşahidə olunmayıb.
Vaksinasiya prosesi iki mərhələdə muxtar respublikanın bütün rayon, şəhər tibb müəssisələrində aparılacaq.