“ORİQAMİ” İCTİMAİ BİRLİYİ YAY SAĞLAMLIQ DÜŞƏRGƏSİ AÇIR
Birliyin sədri Namiq Nəcəfov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, 60 əlil uşaq və aztəminatlı ailələrin uşaqları üçün nəzərdə tutulan düşərgədə dincəlmək pulsuzdur. Düşərgənin açılışı “Oriqami” təşkilatının apardığı işin məntiqi davamıdır. Xatırladaq ki, bura psixokorreksiya, nitq qüsurlarının aradan qaldırılması, uşaq motorikasının inkişaf etdirilməsi və sair daxildir.
N.Nəcəfovun sözlərinə görə, şəhər tipli düşərgədə uşaqlar asudə vaxtlarını istədikləri kimi deyil, pedaqoji kollektivin, həkimlərin nəzarəti altında keçirəcəklər. Tərbiyə prosesi “təbiətin qoynunda” davam etdiriləcək, uşaqların qidalanmasına xüsusi diqqət yetiriləcək, idman-sağlamlıq oyunlarına geniş yer veriləcəkdir.
N.Nəcəfov demişdir: “Bu uşaqlar onların fiziki fəallıqlarını, ünsiyyətlərini məhdudlaşdıran çətin vəziyyətə düşmüşlər. Onlar asudə vaxtlarını, istirahətlərini idraki proseslə fiziki inkişafı uyğunlaşdırmaqla təşkil etməyə qadir deyillər. Ona görə də onların sağlam uşaqlarla ünsiyyətdə olmaları, əslində, zəruridir. Düşərgədə məktəblilərin olması əlil uşaqların psixofiziki reabilitasiyasının tərkib hissəsidir”.
“Oriqami” təşkilatının yeni tipli düşərgəsinin açılışına Suraxanı İcra Hakimiyyəti, Bülbülə qəsəbəsi bələdiyyəsi yaxından kömək göstərmişlər.