Ötən ay Naxçıvanda yeni yaranmış 29 daşınmaz əmlak obyektinə ünvan verilib
Naxçıvan, 11 mart, AZƏRTAC
Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi ötən ayda da Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılıb.
Xidmətin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq ötən ay Sədərək, Şərur və Kəngərli rayonları ərazisində mövcud olan kanal, kollektor və drenaj şəbəkələrinin əhatə etdiyi ərazilərin topoqrafik planları hazırlanıb. Ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin keçirilməsinə nail olunması və torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə Culfa rayonunda bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
Ay ərzində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Yengicə, Şəhriyar, Dəmirçi və Arbatan, Kəngərli rayonunun Qarabağlar və Şahtaxtı kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb. Kəngərli rayonunun Böyükdüz, Qabıllı və Yurdçu kəndlərinin ərazisində aşkar olunmuş torpaqdan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilib.
Fevral ayında 574 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 448 texniki sənəd hazırlanıb, yeni yaranmış 29 daşınmaz əmlak obyektinə ünvan verilib, 88 torpaq sahəsinin plan ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində 43 vətəndaşın müraciətinə baxılıb, 4 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, 8 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 1 ailə təsərrüfatının icarəsinə verilmiş 2,33 hektar torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.