ÖTƏN İL QOBUSTAN RAYONU ÜÇÜN DƏ UĞURLU OLMUŞDUR
Qobustan, 13 fevral (AZƏRTAC). Qobustan rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin hesabat məruzəsi dinlənilib müzakirə edilmişdir.
İ.Vəliyev məlumat vermişdir ki, 2008-ci ildə rayonda ümumi məhsul buraxılışının həcmi 2007-ci ilə nisbətən 48,3 faiz artmışdır. Əvvəlki illə müqayisədə sənayedə 2 faiz, kənd təsərrüfatında 56 faiz, tikintidə 61 faiz, rabitədə 32 faiz, nəqliyyatda 27 faiz artım əldə edilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında Qobustan rayonu üçün nəzərdə tutulmuş işlər müvəffəqiyyətlə başa çatdırılmışdır. Proqrama əsasən elektrik enerjisi, qaz və istilik təminatı sisteminin inkişafı istiqamətində Qobustan Elektrik Şəbəkə rayonu üçün inzibati bina, 3 yarımstansiyada isə növbətçi otaqları tikilib istifadəyə verilmiş, rayonun şəhər və kəndlərində 12 transformator yenisi ilə əvəz olunmuş, Qobustan şəhər yarımstansiyasında 3 yeni gərginlik transformatoru, şəhərdə 122, Cəngi kəndində isə 30 dirək qoyulmuşdur. On beş illik fasilədən sonra Ərəbşalbaş və Təklə Mirzəbaba kəndlərinə təbii qazın verilişi bərpa edilmiş, beləliklə də təbii qazla təmin olunan yaşayış məntəqələrinin sayı 17-ə çatdırılmışdır. Yaşayış məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchizatı, kanalizasiya sisteminin bərpası, rayonun su təminatının yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmışdır.
Məruzəçi rayonda aparılmış tikinti-quruculuq və abadlıq işlərindən söz açaraq bildirmişdir ki, “Gilan Holdinq” MMC tərəfindən Mərkəzi Rayon Xəstəxanasında müasir tələblərə uyğun əsaslı təmir işləri aparılmış, təcili yardım şöbəsi, qaraj binası, xəstəxananın daş hasarı və Dərəkənd kəndində feldşer-mama məntəqəsi, Göydərə kəndində müasir tipli həkim ambulatoriyası tikilib istifadəyə verilmişdir. Sündü kənd sahə xəstəxanasında əsaslı, Təklə kənd sahə xəstəxanasında isə cari təmir işləri aparılmışdır. Şəhər və kənd məktəblərinin təmiri, texniki təchizatı ilə bağlı tədbirlər görülmüşdür. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” devizi altında 2005-ci ildə Poladlı kəndində 200 yerlik, Bədəlli və Çelov kəndlərində 160 yerlik, Dərəkənd və Nardaran kəndində 100 yerlik, 2006-cı ildə Bədəlli kəndində 160 yerlik məktəb binaları tikilmişdir. Tikinti materialları istehsalı qaydaya salınmış, Bəklə, Sündü və Cəmcəmli daş karxanaları fəaliyyətə başlamışdır. “Qobustan Holdinq” MMC-nin Hilmilli kəndində çınqıldoğrayan istehsalat sahəsi, şəhərdə sutkalıq istehsal gücü 50 ton olan asfalt zavodu, plastik qapı-pəncərə və taxta sexləri, şəhərdə tikiş sexi, çörək-bulka məmulatı və qənnadı sexləri fəaliyyətə başlamışdır. Rayon məhkəməsi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, 50 saylı Qobustan-Quba-Xızı Seçki Dairəsi dairə seçki komissiyası, rayon prokurorluğu, Vətəndaş Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı İdarəsi, polis şöbəsi, gigiyena və epidemiologiya mərkəzi, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı üçün inzibati binaları tikilib istifadəyə verilmişdir. Rayon icra hakimiyyətinin, maliyyə şöbəsinin, Qobustan Su kanal İdarəsinin, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə hissəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şamaxı Ərazi İdarəsinin Qobustan rayon şöbəsinin inzibati binalarının, Qurbançı kəndində klub, kitabxana və həkim ambulatoriyasının, qısamüddətli istirahət evinin inşası başa çatdırılmışdır. Mədəniyyət evinin və mərkəzi rayon kitabxanasının dam örtüyü yenisi ilə əvəz edilmişdir. Olimpiya İdman Mərkəzi, Qobustan bələdiyyəsi, Baytarlıq idarəsi və diaqnostika mərkəzinin və rayon Təhsil şöbəsi üçün inzibati binaların, Şəhidlər xatirə kompleksinin, Qobustan şəhərində üç parkın tikintisi davam etdirilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 8 mənzilli yaşayış binasında tamamlama işləri aparılır. Şəhərdə 2 mərtəbəli 9 yaşayış binasının dam örtüyü tamamilə yenidən qurulmuşdur. Hazırda “Abad Qobustan” proqramı uğurla həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası nəticəsində 2004-2008-ci illər ərzində Qobustan rayonunda 4740 yeni iş yeri açılmışdır ki, bunların 1610-u daimi iş yerləridir.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, rabitə sahələrində görülən işlər, habelə yol verilmiş nöqsanlar barədə geniş danışılmış, cari ildə qarşıda duran vəzifələrdən ətraflı bəhs olunmuşdur. Qeyd edilmişdir ki, rayonda iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, əhalinin sosial problemlərinin həlli istiqamətlərində ciddi işlər görüləcəkdir.
Prezidentin İcra Aparatının məsul işçisi Niyaz Əliyev yığıncaqda çıxış etmişdir.