Ötən il Şəkidə heyvan sahiblərinə 285 min manatdan çox subsidiya ödənilib
Şəki, 6 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
2020-ci ildə Şəki rayonunda 7050 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, 2019-cu illə müqayisədə 473 baş çoxdur. İl ərzində təsərrüfatlarda süni mayalanma yolu ilə 3370 baş buzov və balaq doğulub. Ötən il Şəki rayonu üzrə 2262 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 2853 baş cinsi yaxşılaşdırılmış buzova görə 285 min 300 manat subsidiya ödənilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.
Qurum rəsmisi bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Bu günədək rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən dövlətin güzəştlı şərtləri ilə satılan 399 baş damazlıq düyə alınıb. Bununla yanaşı, son vaxtlar şəkili fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanma tədbirlərinə də üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni mayalandırılan heyvanların sayı ilbəil artır.
N.Rəcəbov qeyd edib ki, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” müvafiq Sərəncamının icrası olaraq, son 5 ildə Şəki rayonu üzrə 7569 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 9327 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə 932 min 700 manat subsidiya ödənilib.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına da müsbət təsir göstərib. Belə ki, 2020-ci ildə Şəki rayonunda ət istehsalı əvvəlki illə müqayisədə 3,5 faiz, süd istehsalı isə 2,5 faiz artıb.