OTÜSTÜ HOKKEY ÜZRƏ AZƏRBAYCAN MİLLİSİNİN İLK RƏQİBİ YAPONİYA KOMANDASI OLACAQDIR
Bakı, 6 oktyabr (AZƏRTAC). Oktyabrın 11-də Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində otüstü hokkey üzrə qadın komandaları arasında “Çellenc-1” beynəlxalq turnirinə start veriləcəkdir. Mübarizə dünya reytinqində 2-ci 8-liyə daxil olan komandalar arasında keçiriləcəkdir. “A” qrupunda yer almış Azərbaycan millisinin rəqibləri Yaponiya, CAR və Çili komandaları olacaqdır. “B” qrupunda isə İspaniya, Yeni Zelandiya və İtaliya komandaları iştirak edəcəklər. Bu qrupda Koreya komandasının da iştirakı nəzərdə tutulmuşdur. Lakin Koreya millisi bu turnirdə iştirakından imtina etmişdir.
Baş məşqçi Joa Xanqın yetirmələrinin ilk görüşü turnirin 1-ci günündə Yaponiya komandasına qarşı keçiriləcəkdir. Millimiz növbəti görüşlərdə oktyabrın 12-də Çili yığmasını, oktyabrın 14-də isə meydan sahibləri CAR komandasını sınağa çəkəcəkdir. Qeyd edək ki, turnirin əsas məqsədi qadın hokkey klubları arasında reytinqləri yüksəltməkdir.
Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutacaq komandalar sonradan yaranacaq C qrupunda mübarizə aparacaqlar. A və B qrupunda daha zəif nəticə göstərən yığmalar isə D qrupunda 5-7-ci yerlərin sahibləri ilə görüşəcəklər.
Millimiz Keyptauna oktyabrın 8-də yola düşəcəkdir. Turnir oktyabrın 18-də başa çatacaqdır.