Otuz rayonun pay torpaqlarında uyğunsuzluqlar aradan qaldırılıb
Bakı, 23 noyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaqların elektron kadastr uçotu işi yekunlaşmış 51 rayonun 50-də pay torpaqlarında uyğunsuzluqlarla bağlı fərqlərin aradan qaldırılması işlərinin icrası davam edir.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, daha 5 rayonda (Goranboy, Yardımlı, Qax, Yevlax, Biləsuvar) dürüstləşdirmə işləri yekunlaşdırılaraq nəticələr Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə inteqrasiya olunub. Bununla da pay torpaqlarında uyğunsuzluqlarla bağlı fərqlərin aradan qaldırılması işləri 30 rayonda yekunlaşıb.
Vətəndaşların torpaq sənədlərindəki məlumatlarla faktiki vəziyyət arasındakı uyğunsuzluqlar çoxsaylı torpaq mübahisələrinə və qeydiyyat məsələlərində problemlərə səbəb olurdu. Bu işlər çərçivəsində torpaq islahatı ilə əlaqədar vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarına dair hüquqmüəyyənedici sənədlərdəki ölçülərlə faktiki ölçülər arasındakı fərqlərin tənzimlənməsi üçün normativ-hüquqi baza yaradılır. Bununla da, vətəndaşlar pay torpaqlarına dair hüquqi sənədləri Xidmətin ərazi ofislərinə təqdim edərək çıxarışları rahatlıqla əldə edə biləcəklər.