Övladlığagötürmə sahəsində çalışan əməkdaşlar üçün distant təlimlər keçirilir
Bakı, 21 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və DOST Agentliyinin övladlığagötürmə fəaliyyəti sahəsi üzrə məsul əməkdaşları üçün distant təlimlərə başlanılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə məqsəd övladlığa götürülmüş uşaqların ailələrdəki vəziyyətinin, inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə pandemiya şəraitində distant (telefon, videozəng və s.) formada monitorinqlərin aparılması, pandemiya ilə bağlı onların valideynlərinin maarifləndirilməsi ilə bağlı əməkdaşların bilik və bacarıqlarının artırılmasıdır.
Aprel-may ayları ərzində davam edəcək təlimlər UNICEF-in dəstəyi ilə təşkil edilib. Təlimləri UNICEF-in beynəlxalq məsləhətçisi, övladlığagötürmə sahəsində yüksəkixtisaslı britaniyalı mütəxəssis Hugh Salmon aparır.