Oxunması zəruri olan kitabların mobil tətbiqi yaradılıb
Naxçıvan, 30 mart, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində oxunması zəruri olan kitabların mobil tətbiqinin təqdimatı keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq olunmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, həmin sərəncam təkcə muxtar respublikanın deyil, ölkəmizin təhsil işçiləri, tanınmış ziyalıları tərəfindən də minnətdarlıqla qarşılanıb. Ötən müddətdə oxunması zəruri olan kitabların təbliği istiqamətində universitetdə kitab müzakirələri, dəyirmi masalar, intellektual yarışlar keçirilib.
Tələbələrin innovativ düşüncələrinin məhsulu olan layihəni yüksək qiymətləndirən rektor bu cür yenilikçi layihələrin, tədbirlərin davamlı olmasının önəmini qeyd edib. Vurğulayıb ki, görülən işlər informasiya cəmiyyətinin inkişafına, gələcəyimiz olan gənclərin hərtərəfli bilik və dünyagörüşə malik gənclər kimi yetişməsinə əhəmiyyətli təsir göstərəcək.
Universitetin Hüquq fənləri kafedrasının müəllimi, Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımov bildirib ki, elektron vəsaitlərdən istifadənin geniş yayılması müxtəlif proqramların yaranmasına gətirib çıxarıb. O, mobil tətbiqin istifadə qaydalarını slayd vasitəsilə tələbələrin diqqətinə çatdırıb. Qeyd edib ki, dizaynı, rahat interfeysi, oflayn rejimdə işləməsi və ən əsası daha əlçatan olması ilə seçilən mobil tətbiqin ilk səhifəsində müvafiq sərəncamın mətni yerləşdirilib. Proqrama 30 kitab və sonradan əlavə edilmiş 3 kitabla birlikdə, 33 kitab əlavə olunub.
Diqqətə çatdırılıb ki, proqram Android əməliyyat sistemini dəstəkləyən smartfonlarda çalışır, gələcəkdə İOS əməliyyat sistemində işləməsi də planlaşdırılır. Proqramın növbəti təkmilləşməsindən danışan Əziz Qasımov qeyd edib ki, gələcəkdə kitabların audio variantlarının yerləşdirilməsi və kitablarda oxunulan maraqlı yerləri işarələmək üçün funksiyaların əlavə edilməsi də nəzərdə tutulur.
Kitab və mütaliənin təbliği istiqamətində görülən işlərdən danışan Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasının direktoru Fariz Əhmədov diqqətə çatdırıb ki, bu kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərəcək ideoloji mənbələr rolunu oynayır.