Öz evində öz həqiqətin, öz gücün, öz iradən var!
Kiyev, 26 oktyabr, AZƏRTAC
Odessada “Qızıl manqust” VII beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.
“Qızıl manqust” ilə təltif edilənlərin sırasında sərbəst güləş üzrə Əməkdar İdman Ustası, Azərbaycanın Əməkdar Məşqçisi, veteranlar arasında dünya çempionu, xeyriyyəçi, Ukraynada fəaliyyət göstərən “Azərbaycançılıq İnstitutu” beynəlxalq ictimai təşkilatının prezidenti, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin və görkəmli ukraynalı atlet, sərbəst güləş üzrə olimpiya və üçqat dünya çempionu, Ukrayna İdman Güləşi Assosiasiyasının prezidenti, bir neçə çağırış Ali Radanın deputatı Elbrus Tedeyev də olub.
AZƏRTAC-ın müxbiri mükafatlandırma mərasimindən sonra fürsətdən istifadə edərək Ukraynanın tanınmış siyasətçisi E.Tedeyevlə söhbətdə Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilər mövzusuna toxunub. Məşhur idmançı söhbət, necə deyərlər, uzaqdan başlayıb.
- Ukrayna xalqının böyük mütəfəkkiri, Qafqaz xalqlarının dostu Taras Qriqoryeviç Şevçenko müdrik sözlər deyib: “Öz evində öz həqiqətin, öz gücün, öz iradən var!”. Bu sözlər heç vaxt indiki kimi aktual olmayıb. Bu ondan irəli gəlir ki, Azərbaycan vətəndaşları problemlərini artıq özləri həll edirlər. Kənardan heç bir müdaxilə sizin qədim və müdrik xalqın iradəsinə təsir edə bilməz! Dost ölkəyə səmimi qəlbdən uğurlu və dinc seçkilər arzulayıram.
- -Yəqin ki, Sizin konkret arzunuz da olacaq?
- İdmançı kimi mən, təbii ki, Azərbaycanın yeni seçilmiş qanunverici orqanına xalqınızın rifahı naminə bütün istiqamətlərdə uğurlar arzu etmək istərdim. Əminəm ki, parlamentiniz sizin gözəl və müasir ölkənizdə idmanın inkişafına və onun infrastrukturuna kömək edən bir çox qanunlar hazırlayacaq. Bu vacib işin müvəffəqiyyətinin əsasında Azərbaycanın paytaxtında keçirilmiş ilk Avropa oyunları durur.
-Yeri gəlmişkən, bu hadisə barədə təəssüratlarınız necədir?
-Oyunları təkcə möhtəşəm adlandırmaq azdır. Təşkilatçılıq ən yüksək Avropa səviyyəsində idi! Olimpiya oyunlarının iştirakçısı kimi, ilk Avropa Oyunlarını Olimpiada ilə müqayisə edə bilərəm. Bakı standartı heç nədə Olimpiyadan geri qalmadı. Əslində bu, təəccüblü də deyil. Axı Azərbaycan, Prezident İlham Əliyev başda olmaqla böyük idman dövləti olduğunu bir daha təsdiqlədi.
Sonda Azərbaycan parlamentarilərinə xüsusilə uşaq, ailə və sosial məsələlərin həllində uğurlar arzulayıram.
Ümidvaram ki, Azərbaycanın yeni seçilmiş parlamenti dünyanın bir çox ölkələrindən olan həmkarları ilə əməkdaşlıq edəcək. Əminəm ki, onu Ukrayna Ali Radası ilə dostluq telləri birləşdirəcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev