İQTİSADİYYAT
Özbək mütəxəssis: Azərbaycan və Özbəkistan rəqəmsal texnologiyalar sahəsində sıx əməkdaşlıq edir
![Özbək mütəxəssis: Azərbaycan və Özbəkistan rəqəmsal texnologiyalar sahəsində sıx əməkdaşlıq edir](/files/2023/3/1200x630/17011682561738454114_1200x630.jpg)
Bakı, 28 noyabr, AZƏRTAC
Bu gün keçirilən “TikTok Startap Akademiyası” tədbiri startaplar üçün unikal platformadır. Zənnimcə, bu platforma iki respublika - Azərbaycan ilə Özbəkistan startapları arasında münasibətlərin inkişafına şərait yaradacaq.
Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Özbəkistan Respublikası Rəqəmsal Texnologiyalar Nazirliyinin rəqəmsal iqtisadiyyatın inkişafı Departamentinin baş mütəxəssisi Elyer Maksudov bildirib.
Özbəkistanın rəqəmsal iqtisadiyyatın inkişafı Departamenti bu ölkədə ekosistemi startaplarının və İT sənayesinin inkişafına cavabdehdir.
Elyer Maksudov əlavə edib: “Bu görüşlər netvorkinq üçün, habelə özbək və azərbaycanlı startapların əməkdaşlığı baxımından yaxşı imkandır. Bakıda keçirilən bugünkü tədbirdə Özbəkistandan olan 13 startapın iştirakı nəzərdə tutulur, onlar fintexdən tutmuş maşın təlimi və süni intellektə qədər müxtəlif sahələri əhatə edirlər. Düşünürəm ki, bu təhsil proqramı bütün iştirakçılar üçün çox maraqlı və faydalı olacaqdır”.
Ölkələrimiz arasında sıx əlaqələrin olduğunu qeyd edən özbək mütəxəssis vurğulayıb ki, Özbəkistan və Azərbaycan rəqəmsal texnologiyalar, İT sənayesi, o cümlədən elektron və rəqəmsal hökumət sahələrində çox sıx əməkdaşlıq edirlər. Elyer Maksudov əlavə edib: “Ümidvaram ki, biz gələcəkdə də İT parklar, texnoparklar, həmçinin startap layihələrinin dəstəklənməsi üzrə layihələrdə əməkdaşlığı inkişaf etdirəcəyik. Bundan sonra ölkələrimiz arasında startap layihələrinin akselerasiyası proqramını irəli sürmək mümkün olacaq”.