ELM VƏ TƏHSİL
Özbəkistan alimləri Əlyazmalar İnstitutunda tədqiqat aparacaqlar
Bakı, 18 sentyabr, AZƏRTAC
Özbəkistan Respublikası Mədəni Miras Agentliyinin alimləri - fəlsəfə elmləri doktoru, professor Roik Baxodirov və tarix üzrə fəlsəfə doktoru Dilşod Rasulov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi ezamiyyətdə olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, qonaqlara burada mühafizə olunan qədim əlyazma nümunələri, əski çap kitabları, aparılan elmi-tədqiqat işləri və yeni nəşrlər barədə geniş məlumat verilib.
Qeyd olunub ki, Özbəkistanda xarici ölkələrdə aparılan araşdırmaların nəticələrini əks etdirən “Özbəkistanla bağlı xarici əlyazmaların reyestri” adlı 3 cilddə kitab nəşr edilib. Kitabın 4-cü və 5-ci cildlərinin ərsəyə gətirilməsi məqsədilə aparılacaq tədqiqat işləri üçün R.Baxodirov və D.Rasulov Əlyazmalar İnstitutunun fondunda qorunub saxlanılan ərəb, fars, türk və digər dillərdə olan yazılı abidələr və əlyazma nümunələri üzərində araşdırma apararaq material toplayacaqlar. Bu məqsədlə qonaqlara institutun fondunda qorunan sənədlər üzərində tədqiqat işləri aparmaq üçün müvafiq şərait yaradılıb.