Özbəkistan mətbuatının nümayəndələrinin Azərbaycana mediaturu başlayıb
Bakı, 22 noyabr, AZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində bu ölkənin populyar, çox oxunan “Qalampir.uz”, “darakchi.uz” xəbər portalların, Özbəkistan-Türkiyə birgə layihəsi “Özbekistanhaber” saytının jurnalistləri, tanınmış “Siyasət” jurnalının redaktorları və sosial şəbəkələrdə fəal olan, Azərbaycana yaxınlığı ilə seçilən tanınmış blogerlərin respublikamıza mediaturu təşkil olunub.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, həmin jurnalistlər və onların təmsil etdiyi informasiya orqanları daim Azərbaycan həqiqətlərini təbliğ edir, Vətən müharibəsində də Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq edərək, ölkəmizə yaxından dəstək göstəriblər.
Mediatur çərçivəsində jurnalistlər Füzuli rayonunda və Şuşa şəhərində olub, materiallar hazırlayıb, müsahibələr götürüb və çəkilişlər aparıblar.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun müşayiət etdiyi nümayəndə heyətinə Ermənistan ordusunun işğal altında olmuş bu torpaqlarda həyata keçirdiyi vandalizm siyasəti, tarixi və dini abidələrin dağıdılması, məhv edilməsi, habelə həmin ərazilərdə dövlətimiz tərəfindən aparılan genişmiqyaslı quruculuq işləri haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, layihəyə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Yazıçılar Birliyi dəstək göstərir.
Jurnalistlər Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada bir sıra tarixi abidələri ziyarət ediblər.
Bundan başqa, nümayəndə heyəti Azərbaycan Dövlət Televiziyasının "Körpü" verilişinin Şuşada qala qapılarının yanında hazırlanan xüsusi çəkilişinə də qatılıb, türk dünyasının həmrəyliyi, Vətən müharibəsi, Azərbaycan torpaqlarının işğalından azad olunması ilə bağlı çıxışlar ediblər.
Mediatur davam edir. Jurnalistlər Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən keçirilməsi planlaşdırılan Nizami Gəncəvi Beynəlxalq Simpoziumunda iştirak edəcəklər.