Özbəkistan portalı Dağlıq Qarabağ münaqişəsindən yazır
Daşkənd, 26 oktyabr, AZƏRTAC
Özbəkistanın 1.news.uz portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yayılıb.
Məqalədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan-Azərbaycan münaqişəsinə dair fikirlərinə yer verilir.
Bildirilir ki, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyən dörd qətnamə qəbul edib. Qətnamələrdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suverenliyi, ərazi bütövlüyü və işğal olunmuş torpaqlarının qeyd-şərtsiz boşaldılması tələb edilir.
Məqalədə BMT Nizamnaməsinin 51-ci maddəsinə nəzər salınaraq vurğulanır ki, Azərbaycan öz hüququndan istifadə edərək torpaqlarını geri qaytara bilər. Nazirə istinadla regionda mövcud status-kvonun qəbuledilməz olduğu diqqətə çatdırılır, Azərbaycanın optimist mövqe tutduğu və BMT-nin prinsiplərinə sadiq qaldığı qeyd edilir. E.Məmmədyarov deyir ki, Azərbaycan heç vaxt öz ərazi bütövlüyünü güzəştə getməyəcək.
Məqalənin sonunda Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verilir, problemin 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi səbəbindən yarandığı, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi bildirilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd