Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir
Bakı, 26 avqust, AZƏRTAC
Milli Məclisin deputatı Günay Əfəndiyeva Qazaxıstana səfəri çərçivəsində Özbəkistanın bu ölkədəki səfiri Baxtiyor İbrahimovla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Özbəkistan tərəfdaşlığı, Türk dünyasında inteqrasiya prosesləri ətrafında fikir mübadiləsi aparılıb.
Günay Əfəndiyeva bildirib ki, prezidentlər İlham Əliyev ilə Şavkat Mirziyoyevin qardaşlıq münasibətləri, sıx qarşılıqlı səfərləri iki ölkənin hərtərəfli əməkdaşlığına güclü təkan verir. Azərbaycan Prezidentinin avqustun 23-də Özbəkistana dövlət səfəri isə iki ölkənin strateji münasibətlərinin inkişafında mühüm əhəmiyyət daşıyır.
Deputat bu kontekstdə dövlət başçıları tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”yə diqqət çəkib. O, sənədi Azərbaycan və Özbəkistanın tarixi bağlarının, çoxəsrlik dostluğunun müasir dövrdə növbəti rəmzi kimi qiymətləndirib.
Səfir Baxtiyor İbrahimov Azərbaycan-Özbəkistan əlaqələrinin gündən-günə daha da genişlənməsinin önəmindən söz açıb, münasibətlərimizin ortaq tarixi-mədəni köklər üzərində yüksələn xətlə davam etdirildiyini vurğulayıb. Bildirib ki, bir çox müxtəlif istiqamətlər üzrə imzalanan birgə sazişlər iki ölkənin müttəfiqlik dialoqunun inkişafını əks etdirir.
Görüşdə, həmçinin əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.