Özbəkistana miqrasiya axını: 2024-cü ilin ilk yekunları
Bakı, 30 iyul, AZƏRTAC
Özbəkistan Respublikasının Statistika Agentliyi iyulun 29-da cari ilin birinci yarısında xarici və daxili miqrasiyaya dair məlumatları açıqlayan hesabat yayıb.
AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, bu müddət ərzində Özbəkistana daimi yaşamaq üçün 1080 nəfər gəlib. İmmiqrantların sayında liderlər Rusiya vətəndaşları olub, onlar yeni gələnlərin ümumi sayının 36,1 faizini təşkil edir. Qazaxıstandan gələnlər isə 24,1 faizidir.
Eyni zamanda, 5166 Özbəkistan vətəndaşı respublikanı tərk edərək daimi əsaslarla yaşayış yerini dəyişmək barədə qərar qəbul edib. Böyük əksəriyyət - 81,5 faiz və ya 4128 nəfər qonşu Qazaxıstanı seçib. Rusiya ikinci ən populyar istiqamət olub; 760 nəfər Rusiya Federasiyasına köçüb. Statistika Agentliyinin məlumatına görə, 34 nəfər Qırğızıstana, 37 nəfər Cənubi Koreyaya, 14 nəfər Türkmənistana gedib, daha 93 nəfər başqa ölkələri seçib.

Hesabatda qeyd olunur ki, daxili miqrasiyada müsbət dinamika müşahidə olunur. 2024-cü ilin ilk altı ayında Özbəkistan daxilində 116,6 min nəfər yaşayış yerini dəyişib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 min nəfər çoxdur. Onlardan 50,7 mini kişi, 65,9 mini qadındır. Bildirilir ki, Özbəkistandan 87 min vətəndaş şəhərə, 29,6 min nəfər isə kəndlərə köçüb.
Ənənəvi olaraq, qəbul edilən miqrantların sayına görə lider Daşkənd şəhəri olub; buraya 44 605 nəfər köçüb. Köçkünlərin ən az sayı 1649 nəfərin gəldiyi Namanqan rayonunda qeydə alınıb.