Özbəkistanın “Kitob dunyasi” qəzetində Azərbaycanla bağlı materiallar verilib
Daşkənd, 15 may, АZƏRTAC
Özbəkistanın “Kitob dunyasi” qəzetində Azərbaycanla bağlı materiallar çap olunub.
AZƏRTAC xəbər verir ki, qəzetdə Raxmat Babajonun Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla geniş müsahibəsinə yer verilib.
Materialda Azərbaycan-Özbəkistan əlaqələri, AMM-nin fəaliyyəti öz əksini tapıb. Yazıda bildirilir ki, ölkələrimiz arasında mədəniyyət, elm-təhsil, turizm və digər sahələrdə əlaqələr durmadan inkişaf edir. Müsahibədə vurğulanır ki, Mədəniyyət Mərkəzi Özbəkistanda Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı kitablar çap edib və bu proses davam edir.
Bildirilir ki, Özbəkistanın ali məktəblərində 6 Azərbaycan mərkəzi yaradılıb və bu iş davam etdiriləcək. Mərkəzin layihəsi ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si Özbəkistanın Xalq şairi Camal Kamalın tərcüməsində Daşkənddə çap olunub. Mərkəz Olimcon Buriyevin tərcüməsində “Xəmsə”ni bir kitabda da oxuculara çatdırıb.
Qəzetdə Azərbaycan şairi Afaq Şıxlının şeirləri, Eluca Atalının hekayəsinə də yer verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd