ÖZƏLLƏŞDİRMƏDƏN SONRA MÜƏSSİSƏLƏRİN DƏSTƏKLƏNMƏSİ SAHƏSİNDƏ HƏYATA KEÇİRİLƏN LAYİHƏLƏR TƏQDİMAT OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da “Hyatt Regency-Naxçıvan” mehmanxanasında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) özəlləşdirmədən sonra müəssisələrin dəstəklənməsi sahəsində həyata keçiriləcək 4 layihənin təqdimatını keçirmişdir.
Layihələri icra edən şirkətlərin ekspertlərinin, bu sahədə beynəlxalq təcrübəyə malik olan bir sıra xarici şirkətlərin nümayəndələrinin və 70-ə yaxın özəlləşdirilmiş müəssisə rəhbərlərinin iştirak etdiyi tədbirdə DƏİEDK sədrinin müavini Rüstəm Şahbazov çıxış etmişdir. Bildirmişdir ki, hazırda komitə tərəfindən ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən ayrı-ayrı sahələrə aid özəlləşdirilmiş müəssisələrin dəstəklənməsi tədbirləri həyata keçirilməkdədir. Belə ki, kənd təsərrüfatı məhsullarının emalı, habelə özəlləşdirilmiş toxuculuq və tikiş müəssisələrinin dəstəklənməsi, onların istehsal etdiyi məhsulların rəqabət qabiliyyətinin və ixrac potensialının, investisiyaların cəlb edilməsi əsasında maliyyə potensialının artırılmasının dəstəklənməsi ilə bağlı müvafiq tenderlər elan edilmişdir. Tenderlərin qalibləri ilə satınalma müqavilələri imzalanmış, onlar müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin icrasına başlamışlar.
R.Şahbazov bu layihələrin icrası nəticəsində 50-ə yaxın müəssisənin fərdi şəkildə dəstəklənməsinin həyata keçiriləcəyini diqqətə çatdırmışdır. Bu tədbirlər müəssisələr üçün strateji və biznes planlarının hazırlanmasını, bazarda tanınmaq üçün İnternet səhifələrinin yaradılmasını, reklam bukletlərinin hazırlanmasını, İSO standartlarının tətbiqini, kreditlərin alınmasını və s. işlərin görülməsini nəzərdə tutur. Layihələr çərçivəsində 24 müəssisə rəhbəri Latviya və Türkiyəyə təcrübə səfərinə də göndəriləcəkdir. Həmçinin, bu layihələrin əhatə edəcəyi özəlləşdirilmiş müəssisələrin nümayəndələrinin müxtəlif seminar və treninqlərə cəlb edilməsi də nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, artıq DƏİEDK ötən il Bakıda və bölgələrdə müəssisələrin rəhbər işçiləri üçün müasir menecment, marketinq, yeni texnologiyaların tətbiqi və s. istiqamətlərdə seminar və treninqlərin keçirilməsinə başlamış və cari ilin əvvəlində 6 müəssisənin rəhbəri təcrübə mübadiləsi məqsədi ilə Türkiyəyə göndərilmişdir.
Sonra tenderin qalibləri - “FİNRE Konsaltinq” MMC, “Azərxüsusisənayeinvest” QSC, “Region Konsalt” MMC və “Sinergetika” MMM şirkətlərinin nümayəndələri həyata keçirəcəkləri layihələr barədə ətraflı məlumat vermiş, sualları cavablandırmışlar.