Pakistan-Azərbaycan Media Forumu Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
İslamabad, 10 dekabr, AZƏRTAC
Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində Pakistan-Azərbaycan Media Forumunun növbəti iclasında Xocalı soyqırımına dair bəyanat yayılıb.
Pakistanın “National Herald Tribune”, “Statestimes” qəzetlərində, “One Pakistan” informasiya agentliyində yayılan “Pakistan-Azərbaycan Media Forumu BMT Təhlükəsizlik Şurasının Kəşmir və Xocalı ilə bağlı qətnamələrinin icrasını tələb edir” adlı məqalədə bu barədə məlumat verilir.
Bildirilir ki, bəyanatı Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, Pakistanın sabiq federal naziri, istefada olan general-leytenant Faiz Əli Çiştin, Forumun baş katibi Raca Caved Əli Batti imzalayıblar.
Bəyanatda Xocalıda baş vermiş hadisələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qanlı səhifələrindən biri olduğu bildirilir. Qeyd edilir ki, yeddi min əhalisi olan Xocalı şəhəri 1991-ci ildən başlayaraq erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanılıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə şəhəri tamamilə məhv edib. Həmin dəhşətli gecədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 155 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, minlərlə insan yaralanıb, əsir götürülüb və ya itkin düşüb. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb.
Bəyanatda daha sonra qeyd olunur ki, təcavüzkar Ermənistan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsini, qurumun Baş Məclisinin, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, ATƏT kimi beynəlxalq təşkilatların qərarlarını yerinə yetirməkdən boyun qaçırır və işğalçılıq siyasətini davam etdirir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad