PAKİSTAN AZƏRBAYCANIN ƏDALƏTLİ MÖVQEYİNİ DAİM DƏSTƏKLƏYƏCƏKDİR
Azərbaycanın və Pakistanın dövlət himnləri səslənmişdir.
Sonra Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev general Muhammad Əziz Xan və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Qonağı salamlayan nazir Azərbaycan və Pakistan dövlətləri arasında münasibətlərin ölkəmiz suverenlik əldə etdikdən sonra yarandığını, Pakistanın müstəqilliyimizi tanıyan ilk dövlət olduğunu vurğulamış və demişdir ki, Azərbaycan-Pakistan əlaqələri ümummilli liderimiz Prezident Heydər Əliyevin İslamabada rəsmi səfərindən sonra daha intensiv xarakter almışdır. Bu ilin iyulunda Prezident Pərviz Müşərrəfin Azərbaycana rəsmi səfəri və onun Prezident İlham Əliyevlə görüşündən sonra bu əlaqələr yeni mərhələyə yüksəlmişdir.
General-polkovnik Səfər Əbiyev Azərbaycan və Pakistan hökumətləri arasında “Müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında Saziş”in imzalandığını və bu əməkdaşlığın xüsusilə hərbi təhsil sahəsində uğurla inkişaf etdiyini bildirmişdir.
General Muhammad Əziz Xan səmimi qəbul, səfərin yüksək təşkili və qonaqpərvərliyə görə təşəkkür edərək, Pakistan və Azərbaycan xalqları arasında mövcud dostluq əlaqələrinə toxunmuş, bu münasibətlərin Prezident Pərviz Müşərrəfin Azərbaycana rəsmi səfərindən sonra yeni vüsət aldığını dilə gətirmişdir.
O, Cənubi Asiyada mövcud hərbi-siyasi vəziyyət barədə ölkəmizin müdafiə nazirinə ətraflı məlumat verərək söyləmişdir ki, Pakistan xalqı Kəşmir məsələsində onu dəstəklədiyinə görə Azərbaycan xalqına minnətdardır. Pakistan xalqı da Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın mövqeyini həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir.
General-polkovnik Səfər Əbiyev Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyət barədə qonaqla fikir mübadiləsi aparmış və Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədrlərinin heç bir nəticə əldə etmədiyini təəssüflə vurğulamışdır. O, Azərbaycanın beynəlxalq terrorizmlə mübarizə koalisiyasında fəal iştirak etdiyini söyləyərək qeyd etmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Əfqanıstanda, Kosovoda və İraqda xidmət edirlər. Ermənistan-Azərbaycan münaqişəsinin həllində dialoqun imkanları hələ tükənməmişdir. Biz hələlik münaqişənin bu yolla həllinə üstünlük veririk. Bu imkanların tükəndiyini hiss etdikdə, torpaqlarımızı erməni işğalçılardan azad etmək üçün bütün vasitələrdən istifadə edəcəyik. Azərbaycan bir qarış torpağını da düşmənə güzəştə getməyəcəkdir.
Görüşdə dövlətlərimizin hərbi sahədə əməkdaşlığının gələcək perspektivləri haqqında geniş fikir mübadiləsi aparılmışdır.
General Muhammad Əziz Xan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətini bu yaxınlarda Pakistanda açılacaq Beynəlxalq müdafiə sərgisinə dəvət etmiş və dəvət qəbul olunmuşdur.
Azərbaycanın İslamabaddakı səfiri Eynulla Mədətli və Pakistanın Bakıdakı səfiri Məhəmməd Hafiz görüşdə iştirak etmişlər.