Pakistan ərəb ölkələrini İslam dünyasının problemlərinin həllində daha fəal olmağa çağırıb
Qahirə, 4 avqust, AZƏRTAC
Ərəb Parlamentinin spikeri Adil bin Əbdülrəhman Əl-Əssuminin İslamabada səfəri zamanı keçirilən görüşlərdə Pakistan Prezidenti Arif Alvi və Baş nazir İmran Xan ərəb ölkələrini İslam dünyasının problemlərinin həllində daha fəal olmağa çağırıblar.
AZƏRTAC xəbər verir ki, Prezident Arif Alvi günün ən aktual məsələləri sırasında İslam dini haqqında dünyada təhrif olunmuş fikirləri ifşa etməyi və müsəlmanların maraqlarının qorunmasını göstərib. Ərəb parlamentinin spikeri isə, öz növbəsində, Yaxın Şərqdə və Mərkəzi Asiyada sülhün və təhlükəsizliyin təmin olunmasında Pakistanın mühüm rolunu vurğulayıb.
Pakistanın Baş naziri İmran Xan isə ərəb parlamentariləri ilə görüşdə bütün İslam aləmini, o cümlədən ərəb ölkələrini müsəlmanların ortaq problemlərinin həllində daha fəal rol oynamağa çağırıb. O qeyd edib ki, Ərəb Parlamenti Cəmmu-Kəşmir və Fələstin problemlərinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və İslam Əməkdaşlıq Təşkilatının qərarları əsasında həllinə səy göstərməlidir.
İslamofobiya ilə mübarizənin də birgə səylərlə aparılması zəruriliyini vurğulayan İmran Xan əlavə edib ki, hazırda rəsmi İslamabad bu istiqamətdə ərəb ölkələri ilə sıx əməkdaşlıq edir. O, həmçinin Pakistanın Yaxın Şərq və Körfəz regionunda sülhün və təhlükəsizliyin bərqərar olmasına töhfə verdiyini də söyləyib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə