CƏMİYYƏT
Pambıqçılıqda yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Ağdam rayon Pambıq istehsalı və tədarükü məntəqəsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Saatlı rayon Pambıq tədarükü və emalı zavodunda maarifləndirmə tədbirləri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı texnikasının mütləq ilkin yanğınsöndürmə vasitələri, qığılcımsöndürənlər, süpürgələr ilə təmin olunması diqqətə çatdırılıb. Pambıq tarlalarının, pambıqqurutma meydançalarının, qəbul məntəqələrinin, emal zavodlarının ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadə edilməsinə, siqaret çəkilməsinə icazə verilməməsi izah olunub. Həmçinin su mənbələrinə yolların salınması, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların yaradılmasının, pambığın yanğından qorunmasının vacibliyi diqqətə çatdırılıb.