Pan-Afrika Parlamentinin üzvləri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin prioritetləri barədə məlumatlandırılıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Pan-Afrika Parlamentinin (PAP) prezidenti Rocer Nkodo Danqın dəvəti əsasında Azərbaycan Respublikasının Afrika İttifaqı yanındakı daimi nümayəndəsi, səfir Elman Abdullayev Pan-Afrika Parlamentinin üçüncü sessiyasında iştirak etmək məqsədilə Cənubi Afrika Respublikasının Midrand şəhərinə səfər edib.
Azərbaycanın Efiopiyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Elman Abdullayev PAP-ın prezidenti, eləcə də bir sıra afrikalı deputatlar ilə görüşlər keçirib.
Eyni zamanda, səfir PAP-ın üçüncü sessiyası çərçivəsində afrikalı parlamentarilər qarşısında çıxış edib.
Çıxış zamanı diplomat Azərbaycan-Afrika münasibətləri barədə PAP üzvlərinə və tədbirdə iştirak edən afrikalı parlamentarilərə ətraflı məlumat verib. Bununla yanaşı, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini deyən səfir ölkəmizin qarşıdan gələn sədrliyinin prioritetləri və oktyabrın 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşü ilə bağlı məlumat verib. Habelə E.Abdullayev Afrikanın Qoşulmama Hərəkatının yaradılmasında, eləcə də Afrika ölkələrinin müstəqilliyinin möhkəmləndirilməsində xüsusi rol oynadığını bildirərək, sədrlik çərçivəsində Afrika ilə münasibətlərimizin daim sıx şəkildə aparılacağını bildirib.