Pandemiya “Bir kəmər-bir yol” təşəbbüsü layihələrinin 60 faizinə mənfi təsir göstərib
Bakı, 19 iyun, AZƏRTAC
COVID-19 pandemiyası Çinin “Bir kəmər - bir yol” təşəbbüsü layihələrinin 60 faizinin reallaşmasına mənfi təsir göstərib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadiyyat Departamentinin rəhbəri Van Syaolun məlumat verib.
“Koronavirus pandemiyası layihələrin 20 faizinə ciddi təsir göstərib, daha 40 faizinə bu və ya digər şəkildə toxunub, qalanları isə adi rejimdə reallaşdırılır”, - deyə Van Syaolun mətbuat konfransında bildirib.
Diplomatın sözlərinə görə, Pekin beynəlxalq çatdırılmaların yerinə yetirilməsi üçün aktiv cəhdlər göstərir və bütün iqtisadi tərəfdaşlarla sıx əlaqələr saxlayır. “Ümid edirik ki, vəziyyət yaxın zamanlarda normallaşacaq və dünyadakı epidemioloji vəziyyəti nəzarət altına almaq mümkün olacaq”, - deyə o əlavə edib.
Rəsmi statistikaya görə, Çinin xarici ölkələrdə birbaşa investisiyalarının həcmi yanvar ayından may ayınadək 1,6 faiz azalaraq 296,2 milyard yuan (42,2 milyard dollar) təşkil edib. Eyni zamanda, Pekinin “Bir kəmər-bir yol” iştirakçı ölkələrinin iqtisadiyyatına kapital yatırımı artmağa davam edib və beş ay ərzində 16 faiz yüksələrək 6,53 milyard dollara çatıb.
Qeyd edək ki, çox sayda ölkənin iştirakı ilə hərtərəfli beynəlxalq ticarət və investisiya layihələrinin aktivləşməsi məqsədini daşıyan “Bir kəmər - bir yol” təşəbbüs konsepsiyası 2013-cü ildə ÇXR sədri Si Cinpin tərəfindən təklif olunub. Təşəbbüsə artıq 150-dən çox ölkə qoşulub. Onların sırasında Azərbaycan da var.