Pandemiyadan zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, aprelin 20-nə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş 18 min 260 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 48 min 659 fərdi (mikro) sahibkar, cəmi 66 min 919 vergiödəyicisi müraciət edib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 151 min 198 işçini əhatə edən 15 min 385 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergiödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 68,05 milyon manat, o cümlədən birinci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 34,02 milyon manat təşkil edir. Aprelin 20-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 13 min 722 vergiödəyicisinə 138 min 422 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 31,4 milyon manat vəsaitin köçürülməsi təmin olunub.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 48 min 659 vergiödəyicisindən müraciət daxil olub, 45 min 2 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim olunub. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 32,6 milyon manat təşkil edir. Aprelin 20-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 26,71 milyon manat vəsaitin 35 min 223 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.
Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergiödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.
Ətraflı:
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/34CBkEw