Pandemiyaya ilə mübarizədə dövlətin vətəndaşlarının yanında olması insanları qürurlandırır
Zaqatala, 18 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Bu çətin zamanda, dünyanı cənginə alan koronavirus pandemiyasına qarşı mübarizədə dövlətimizin, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın daim xalqımızın yanında olması bizi qürurlandırır, gələcəyə inamımızı daha da artırır. İnsanların sağlamlığının, rifahının qorunması üçün ölkə rəhbərliyi tərəfindən atılan addımlar, görülən işlər biz ziyalıları da ürəkdən sevindirir. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, yeni tibb müəssisələrinin fəaliyyətə başlaması, iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, müavinətlərin verilməsi vətəndaşlarımızın rifahı naminə həyata keçirilən tədbirlərə bariz nümunədir.
Bu sözləri Zaqatala ziyalısı, “Əməkdar müəllim” Elmira Hacıyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Rayon ziyalısı bildirib ki, respublikanın hər yerində olduğu kimi, Zaqatalada da pandemiya əleyhinə çox ciddi tədbirlər görülür, bütün müəssisələrdə, yaşayış binalarında, küçə və parklarda dezinfeksiya işləri aparılır, sakinlər maarifləndirilir. Əhalinin tibbi ləvazimatlara olan ehtiyacı ödənilir, aztəminatlı ailələrə, imkansız şəxslərə yardımlar göstərilir.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Həmçinin sosial yardım alan ailələrinin sayı artırılıb. Əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında artırılması, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi və digər bu kimi tədbirlər Azərbaycanın sosial dövlət olduğunu bir daha təsdiqləyir.
Elmira Hacıyeva deyib: “Biz, Zaqatala rayonunun ziyalıları aparılan qabaqlayıcı tədbirləri, görülən işləri bəyənir və dəstəkləyirik. İnanırıq ki, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində tezliklə pandemiyaya qalib gələcəyik, ölkəmizdə həyat öz əvvəlki axarına düşəcək. Prezidentimizin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək, çiçəklənəcək. Qoy Ulu Tanrı xalqımızı qorusun!”.