DÜNYA
Papa Fransisk daşqınlardan zərər çəkmiş Avropa ölkələrinə yardım göstərməyə çağırıb
Vatikan, 19 sentyabr, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk beynəlxalq ictimaiyyəti Mərkəzi və Şərqi Avropada “Boris” qasırğasının səbəb olduğu daşqınlardan zərər çəkmiş ölkələrə yardım göstərməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, pontifik daşqınlar zamanı ölənlər üçün başsağlığı verib, ailələri ilə həmrəyliyini bildirib, itkin düşənlər üçün dua etdiyini deyib.
“Xüsusilə Avstriya, Rumıniya, Çexiya və Polşa daşqınların yaratdığı faciəvi narahatlıqla üzləşib. Hər kəsə öz yaxınlığımı bildirirəm, həyatını itirənlər və ailələri üçün dua edirəm. Yerli katolik icmalarına və digər könüllü təşkilatlara göstərdikləri yardımlara görə təşəkkür edirəm”, - deyə Roma Papası vurğulayıb.
Qeyd edək ki, “Boris” qasırğasının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, 7 nəfərin itkin düşdüyü bildirilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan