PARİSDƏ ƏFQANISTANA DƏSTƏK VƏ YARDIM MƏQSƏDİ İLƏ BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 12-də Parisdə Əfqanıstana dəstək və yardım məqsədi ilə beynəlxalq konfrans keçirilmişdir. 68 ölkədən 80 nümayəndənin, 17 beynəlxalq təşkilat təmsilçisinin, yerli və xarici jurnalistlərin iştirak etdiyi tədbirdə Əfqanıstanın siyasi dəstəklənməsi, ölkənin bərpası prosesinin maliyyələşdirilməsi əsas müzakirə obyekti olmuşdur.
Fransa Prezidenti Nikola Sarkozi, əfqanıstanlı həmkarı Həmid Kərzai və Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun konfransa həmsədrlik etmişlər.
Konfransda səhiyyə sisteminin və kənd təsərrüfatı sahələrinin yenidən qurulmasına maliyyə dəstəyinin zəruriliyi vurğulanmış, Fransanın Əfqanıstandakı hərbi qüvvələrinin sayının artırılması barədə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, narkotik maddələrə qarşı mübarizə və sair məsələlərdən danışılmışdır.
Tədbirdə Əfqanıstanda bərpa işləri və təhlükəsizlik məqsədi ilə bu ölkəyə 2008-2013-cü illərdə 15 milyard dollar məbləğində yardım ayrılması qərara alınmışdır. Bu məbləğin 10,2 milyardını ABŞ ödəyəcəkdir. Fransa 107 milyon, Almanya 420 milyon, Kanada 600 milyon, Böyük Britaniya 1,2 milyard, Dünya Bankı isə 1,1 milyard dollar yardım göstərməyi qərara almışlar.
Fransa Prezidenti Nikola Sarkozi həmin gün Əfqanıstan Prezidenti Həmid Kərzai ilə görüşmüşdür.
Görüşdə Əfqanıstanda aparılacaq islahatlara toxunulmuş, iki ölkə arasında əlaqələrin inkişafı müzakirə edilmiş, NATO qüvvələri tərkibindəki Fransa hərbçilərinin iştirakı ətrafında fikir mübadiləsi aparılmışdır.
Nikola Sarkozi ilə BMT-nin baş katibi Pan Gi Munun görüşündə isə dünyada baş verən siyasi hadisələrdən, o cümlədən Livanda və Darfurdakı vəziyyətdən bəhs edilmişdir.