PARİSDƏ “QAFQAZ GEOSİYASƏTİ” KİTABI NƏŞR OLUNMUŞDUR
Qafqaza dair T.Svyataxovski, Z.Bjezinski və daha bir neçə müəllifin əsərləri istisna olmaqla, əsasən, erməni tarixçilərinə istinad etmiş müəllifin uydurma “erməni soyqırımı”, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi mənfi fikirlərinə baxmayaraq, kitabda ölkəmiz barədə maraq doğuran məqamlar da öz əksini tapmışdır.
Kitabın Ermənistanla bağlı fəslində müəllif, yeri gəldikcə, istər-istəməz həqiqəti söyləməyə məcbur olmuşdur. Ermənilərin Qafqazda məskunlaşması tarixindən bəhs edən F.Tüal onların antik dövrdə Balkan yarımadasından köçərək, Anadolunun şərqində məskən saldıqlarını göstərmişdir. Bu faktın özü ermənilərin Qafqazın aborigen əhalisi olmaları barədə uydurmalarının üstündən xətt çəkir.
Ermənistanın son dövrdə çox ağır problemlərlə üzləşdiyini vurğulayan müəllif bildirir ki, axırıncı 15 il ərzində bir milyondan artıq erməni ölkəni tərk edərək Rusiyaya, Ukraynaya və Qərbi Avropaya getmişdir, iqtisadiyyat artıq iflic vəziyyətindədir, əhali kasıblığın son həddində yaşayır.
Demoqrafik depressiya vəziyyətində olan Ermənistanı İsraillə müqayisə edən müəllif 1948-ci ildə İsrail müstəqil dövlət elan edildikdən sonra dünyanın müxtəlif yerlərindəki yəhudilərin bu ölkədə yaşamağa üstünlük verdikləri halda, xarici ölkələrdə yaşayan 2 milyondan artıq erməninin Ermənistana qayıtmağı ağıllarına belə gətirmədiklərini vurğulayır.
Fransız müəllifi Azərbaycandan bəhs edərkən Ermənistan silahlı birləşmələri tərəfindən torpaqlarımızın 20 faizinin işğal edildiyini, Ermənistandan və işğal olunmuş ərazilərimizdən yüz minlərlə insanın silah gücünə doğma yurdlarından çıxarıldığını, bununla belə, Azərbaycanın Cənubi Qafqaz bölgəsində iqtisadi cəhətdən ən qüdrətli dövlət olduğunu bildirir.
Dağlıq Qarabağ probleminə toxunmuş fransız qafqazşünası qədimdə bu ərazidə albanların yaşadığını, zaman keçdikcə onların bir qisminin erməni qriqorian dinini qəbul etdiyini, XIX əsrin əvvəllərində İran və Türkiyədən köçürülmüş ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsinin demoqrafik vəziyyətə təsir göstərdiyini və beləliklə, onların bu bölgədə çoxluq təşkil etdiyini yazır. Dağlıq Qarabağdan bəhs etmiş digər müəlliflərdən fərqli olaraq, F.Tüal “Qarabağ” sözünün türk və fars mənşəli olduğunu xatırladır. Eyni zamanda, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini dəfələrlə nəzərə çarpdırır.