PARİSDƏ TÜRK XALQLARI RƏSSAMLARININ SƏRGİSİ AÇILMIŞDIR
Mərkəzin direktoru xanım Sərpil Varon sərgini açaraq türk xalqlarını və onların incəsənət əsərlərini fransızlara tanıtdırmaq baxımından onun xüsusi əhəmiyyəti olduğunu vurğulamışdır.
Türksoyun prezidenti, Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu çıxışında rəhbərlik etdiyi qurumun türk dünyasını Amerikada və Avropa ölkələrində tanıtdırmağı qarşısına məqsəd qoyduğunu açıqlamış, Parisdə açılan sərginin bu sahədə ilk addım olduğunu, sərginin Nyu-York və Londonda da nümayiş etdiriləcəyini bildirmişdir.
Sərgidə 12 türkdilli xalqın rəssamlarının 36 əsəri, o cümlədən Azərbaycan rəssamları İsmayıl Əsədoğlunun “Ovçu”, Rəşad Mehdiyevin “Çanaqqala düşüncələri” silsiləsindən iki tablosu nümayiş etdirilir.
Türkiyənin Fransadakı səfiri Uluc Özülkər qədim və zəngin mədəniyyətə və incəsənətə malik türk xalqlarını nəinki Avropada, habelə bütün dünyada tanıtdırmaqda, Avropa və türk xalqlarının mədəniyyətlərinin biri-birindən bəhrələnməsində belə sərgilərin mühüm rolundan danışmışdır.
Sərginin açılışında ölkəmizin Parisdəki səfiri Eleonora Hüseynova, Türkiyə və Azərbaycan səfirliklərinin əməkdaşları, Fransa ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Sərgi aprelin 22-dək davam edəcəkdir.