PARLAMENTLƏRARASI KOMİSSİYANIN 4-CÜ İCLASININ AÇILIŞI
İclası komissiyanın həmsədri, Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə açdı. O, Azərbaycan-Rusiya əlaqələrinin bütün sahələrdə yüksək səviyyədə olduğunu və ardıcıl xarakter daşıdığını vurğulayaraq bildirdi ki, ötən ilin səkkiz ayı ilə müqayisədə cari ilin müvafiq dövründə ölkələrimiz arasında əmtəə dövriyyəsi 47,5 faiz artmışdır. Azərbaycanda Rusiya kapitalının iştirak etdiyi 350-dən çox müəssisə, təşkilat var. Burada Rusiya müəssisələrinin 116 nümayəndəliyi və filialı, 151 müştərək müəssisə və 100 faiz Rusiya kapitalı olan 82 müəssisə fəaliyyət göstərir. Rusiya şirkətləri ilə yanacaq-energetika kompleksi sahəsində uğurlu əməkdaşlıq aparılır, Azərbaycan nefti Bakı-Novorossiysk boru kəməri ilə nəql edilir, habelə Rusiyadan Azərbaycana təbii qaz verilir.
A.Rəhimzadə parlamentlərarası əməkdaşlıq sahəsində müsbət iş görüldüyünü bildirərək dedi ki, əsas diqqət müqavilə-hüquq bazasının təkmilləşdirilməsinə yönəldilməlidir. O, terror aktları nəticəsində çoxlu insanın tələf olması ilə əlaqədar Rusiya xalqına başsağlığı verdi.
Milli Məclis sədrinin birinci müavini Azərbaycan-Rusiya sərhədinin keçilməsi ilə bağlı problemlərdən danışaraq, ümidvar olduğunu söylədi ki, Rusiya deputatları yaranmış vəziyyətin perspektivlərini konkretləşdirməyə və mövcud rejimi yüngülləşdirməyə kömək göstərəcəklər. O, həmçinin ümid etdiyini bildirdi ki, Rusiya tərəfi “Rostelekom”un Dağlıq Qarabağ ərazisində mobil operatoru üçün kodlar verməsi məsələsinə aydınlıq gətirəcəkdir.
Rusiya nümayəndə heyətinin başçısı, RF Federasiya Şurasının MDB İşləri üzrə Komitəsi sədrinin birinci müavini, Komissiyanın həmsədri Konstantin Markelov iclasda çıxış edərək, son vaxtlar Rusiyada törədilmiş terror aktları ilə əlaqədar başsağllğı verdiyinə görə Azərbaycan rəhbərliyinə və xalqına təşəkkürünü bildirdi. O, əmin olduğunu söylədi ki, sərhədin keçilməsini sərtləşdirmək üçün Rusiyanın gördüyü məcburi tədbirlər müvəqqəti xarakter daşıyır. Azərbaycan ilə Rusiya arasında terrorizmlə mübarizədə qarşılıqlı əlaqələr barədə yaxşı razılaşmalar var, iki ölkənin xüsusi xidmət idarələri fəal qarşılıqlı əməkdaşlıq edirlər və yaxın vaxtlarda müəyyən tədbirlər kompleksi hazırlanacaqdır. Bu tədbirlər gediş-gəlişlə bağlı məhdudiyyətləri götürməyə və terror yönümlü müxtəlif qrupların sərhədi keçmək imkanının qarşısını almaq üçün sərhəddə təhlükəsizliyi gücləndirməyə imkan və şərait yaradacaqdır.
Sonra iclasın gündəliyindəki məsələlər ətrafında müzakirələr aparıldı.
Müzakirələrdən sonra 2005-2006-cı illərdə Azərbaycan və Rusiya parlamentləri arasında əməkdaşlığın inkişafına dair protokol imzalandı.