Payız ağac əkini başlayandan bu günədək 560 minə yaxın ağac əkilib
Bakı, 26 noyabr, AZƏRTAC
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, payız ağac əkini mövsümü başlayandan bu günədək ölkə ərazisində ümumilikdə 573.46 hektar ərazidə 559 min 627 ədəd müxtəlifcinsli ağac əkilib, 9877 kiloqram toxum səpilib.
ETSN Azərbaycanın bütün bölgələrində təşkil edilən genişmiqyaslı ağacəkmə tədbirlərində böyük coşqu ilə iştirak edən dövlət və özəl qurumlara, yerli idarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına, könüllülərə dərin təşəkkürünü bildirir və bütün təbiətsevərləri ağacəkmə tədbirlərinə qoşulmağa dəvət edir.