Paytaxt məktəblərində Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər keçirilib
Bakı, 19 yanvar, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan “20 Yanvar sınağı: Azərbaycançılıq nümunəsi”, “20 Yanvar - azadlığa gedən yolun zirvəsi”, “Tariximizin qan yaddaşı”, “Tariximizin şanlı səhifəsi” və digər mövzularda mühazirə, konfrans, “dəyirmi masa”, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib.
Tədbirlərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələri barədə söhbət açılıb.
Qeyd olunub ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. 20 Yanvar faciəsinin Azərbaycan tarixinin qanlı səhifəsi kimi yaşadılması, təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə olunub.
Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Qanlı Yanvar faciəsi ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, məktəblilər arasında “Qanlı şənbə gecəsi rənglərin dilində”, “Vətən şəhidləri ilə ucalır” mövzularında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib. Təhsil müəssisələrində 20 Yanvar hadisələrinə həsr edilən sənədli və bədii filmlər göstərilib, şəhid ailələri, Qarabağ müharibəsi veteranları ilə görüşləri keçirilib.
Həmçinin paytaxt məktəblərinin müəllim və şagirdləri 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidələrə, Şəhidlər xiyabanına ziyarətləri təşkil edilib və bu gün ilk dərslər 20 Yanvara həsr olunub.