Paytaxtda xüsusi təyinatlı texnikalar qarlı havalara hazırlıqla bağlı hazır vəziyyətə gətirilib
Bakı, 22 noyabr, AZƏRTAC
Qış mövsümünə hazırlıqla bağlı paytaxt rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı havalara hazırlıq tədbirləri davam edir. Şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, paytaxtda qarlı havalara hazırlıq tədbirlərinin vəziyyəti məsələləri Pirallahı, Səbail və Qaradağ rayonlarında müzakirə edilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, rayon rəhbərliyi, kommunal-təsərrüfat, idarə və təşkilatların, təhsil müəssisələrinin və digər aidiyyəti qurumların rəhbərləri, həmçinin özəl sektorun nümayəndələri də iştirak ediblər. Müşavirələrdə hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.
Qeyd olunub ki, rayonlardakı hər bir qurum qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə aradan qaldırmağı bacarmalıdır. Hazırda yerlərdə kifayət qədər duz və lazımi inventar ehtiyatı yaradılıb. Bildirilib ki, hər bir təşkilat mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlər görməlidirlər. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb. Müşavirələrdə rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib.
Eyni zamanda, həm də ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul olunan qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştiraka çağırış edilib.