İQTİSADİYYAT
Paytaxtın 7 rayonunda küçə və yollar təmir olunur
Bakı, 16 aprel, AZƏRTAC
Paytaxtda 26 marşrut xətt üzrə 40-dək küçə və yol təmir edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir işləri Bakının 7 rayonunda, həmçinin Abşeron rayonunda müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların marşrut hərəkəti üzrə Bakı Nəqliyyat Agentliyinin müraciəti əsasında aparılır. Rahat gediş-gəlişin təmin edilməsi istiqamətində aparılan təmir işləri Qaradağ, Sabunçu, Binəqədi, Xətai, Səbail, Suraxanı, Xəzər və Abşeron rayonları ərazisində 26 marşrut xətt üzrə 40-dək küçə və yolda görülür.
Təmir zamanı çatlar əmələ gəlmiş hissələrdə köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Asfaltlanma işləri ümumilikdə 1500 kvadratmetrədək sahəni əhatə edəcək.