PAYTAXTIN RAYONLARINDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 11-də Bakı şəhərinin 7 rayonunda əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Alıcılara 500 tondan çox məhsul təklif olunmuşdur.
Nəsimi rayonunda yerləşən “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada satışa Sabirabad, Hacıqabul, Gədəbəy, Salyan və Tovuz rayonlarından 100 tondan çox meyvə-tərəvəz, ət və ağartı məhsulları çıxarılmışdı. Paytaxt sakinləri qiymətlərdən, məhsulların çeşidindən və keyfiyyətindən razılıq edirdilər. Havaların isti keçməsi ilə əlaqədar burada soyuducu kameralar quraşdırılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri və “Təzə bazar” MMC-nin rəhbərliyi, məhsulların gətirildiyi rayonların təmsilçiləri satışa nəzarət edir, alıcıların arzu və təkliflərini dinləyir, onların rəyləri ilə maraqlanırdılar.
Yarmarkada məhsullar bazardakından 20-25 faiz ucuz qiymətə satılırdı.
Suraxanıda - “Günəş” ticarət mərkəzindəki yarmarkada sakinlərə Samux, Qobustan və digər rayonlardan gətirilmiş 23 tondan çox meyvə-tərəvəz və ət məhsulları təklif olunurdu. “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə cəlilabadlı fermerlər satışa 10 tondan çox keyfiyyətli meyvə-tərəvəz çıxarmışdılar.
Nərimanov rayonundakı Keşlə Ticarət Mərkəzində təşkil olunmuş yarmarkada Xaçmaz, İmişli, Tovuz, Astara, Salyan, Neftçala və Qobustan rayonlarından gətirilmiş 3,5 ton ət, 1 ton balıq, 1,3 ton ağartı, 300 kiloqram konserv məhsulları, 14 ton tərəvəz, 7 ton meyvə, 1 ton kartof satılırdı. Hövsan broyler fabrikinin təmsilçiləri isə alıcılara 29 min ədəddən çox yumurta təklif edirdilər.
Metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkaya Quba, Qusar, Salyan, Xaçmaz, Sabirabad, Beyləqan və digər rayonlardan 35 ton bostan məhsulu, 40 ton tərəvəz, 10 ton meyvə gətirilmişdi. Qiymətlərin ucuzluğu aydın nəzərə çarpırdı. Qarpızın kiloqramı 10, yemiş 10-15, pomidor 20-50, badımcan 20-30, soğan 20-25 qəpiyə təklif edilirdi.
Səbail rayonunun Badamdar qəsəbəsindəki yarmarkada Ağdaş, Salyan, Tərtər, Ucar, Sabirabad, Beyləqan fermerləri satışa 26 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Ağdaşlı Cəmil Quliyev gətirdiyi pomidorun kiloqramını 30 qəpiyə təklif edirdi. O bildirdi ki, indiyədək bir neçə yarmarkada iştirak etmiş və 3 tondan çox məhsul satmışdır. Fermer növbəti yarmarkalarda da iştirak edəcəyini bildirdi.
Qəsəbə sakini Sənubər Qafarova satış yarmarkanın təşkil olunduğu ərazinin yaxınlığında yaşayır. Deyir ki, hər həftə buradan bazarlıq edir. Çünki məhsulların keyfiyyəti yüksək, qiyməti isə münasibdir.
Kənd Təsərrüfatı Nazirliyinin, paytaxt rayonları icra hakimiyyətlərinin nümayəndələri yarmarkalarda satışın təşkilinə, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət edir, satıcıların və müştərilərin rəyləri ilə maraqlanırdılar.