ELM VƏ TƏHSİL
Pedaqoji Universitetdə “Nəsimi-650” kitabının təqdimatı olub
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlərin davamı olaraq “Nəsimi-650” kitabının təqdimatı olub.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusufun İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında musiqi kompozisiyası və fakültənin tələbələrinin təqdimatında şairin “Sığmazam”, “Etməgil” və “Ey qafil, oyan” qəzəlləri səsləndirilib.
Universitetin rektoru, professor Cəfər Cəfərov bildirib ki, dahi Azərbaycan şairi İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib. Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılıb. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.
Rektor diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə “Nəsimi ili” elan olunub. Böyük mütəfəkkir İmadəddin Nəsiminin yubileyinin belə möhtəşəm və geniş miqyasda keçirilməsi Azərbaycan ədəbiyyatına və ölməz sənətkara olan sevginin həmişəyaşarlığından xəbər verir.
Sonra Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova “Nəsimi-650” kitabını təqdim edib. O, kitabdakı məqalələrin rus, ingilis və fransız dillərinə tərcümə olunmasında Xarici dillər mərkəzinin fəaliyyəti və rolunu xüsusi qeyd edib.
Tədbirdə Nəsimiyə həsr olunmuş slayd nümayiş etdirilib.