“Pəhləvan komandir” sənədli filmi nümayiş olunub
Sumqayıt, 14 mart, AZƏRTAC
Sumqayıtdakı Nəriman Nərimanov adına mədəniyyət evində Milli Qəhrəman Əliyar Yusif oğlu Əliyevin xatirəsinə həsr olunan “Pəhləvan komandir” sənədli filmi nümayiş etdirilib. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsal olunub.
Qubadlı rayon Mədəniyyət və Turizm Şöbəsindən AZƏRTAC-a bildirilib ki, əslən Qubadlı rayonundan olan şəhid haqqında filmin təqdimatında Mədəniyyət və Turizm Nazirliyinin Kinomatoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə, filmin ssenari müəllifi və rejissoru Nizami Abbasov, Qubadlı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Milli Qəhrəmanın yaxınları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
1992-ci ilin oktyabr ayında şəhid olan Əliyar Əliyev həmin ilin noyabrında Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.
Tədbirdə çıxış edənlər Milli Qəhrəmanın həyatından, döyüşlərdə göstərdiyi şücaətdən danışıblar.
Sonra film nümayış olunub.