Pekin beynəlxalq bağçılıq sərgisinin son hazırlıq mərhələsi başlayıb
Pekin, 26 dekabr, AZƏRTAC
Gələn il Pekində keçiriləcək beynəlxalq bağçılıq sərgisinin son hazırlıq mərhələsi başlayıb.
AZƏRTAC sərginin təşkilat komitəsinə istinadla xəbər verir ki, Pekinin Yançin rayonunda iki il davam edən tikinti işlərindən sonra sərgi sahəsində milli pavilyonların və botanika bağının quraşdırılmasına başlanılıb.
İndiyədək 86 ölkə və 24 beynəlxalq təşkilat gələn ilin aprelində açılacaq sərgidə iştirakını təsdiqləyib. Təşkilat komitəsi Pekin beynəlxalq bağçılıq sərgisinin iştirakçıların sayına görə indiyədək bu kateqoriyadan olan ən böyük sərgi olacağını güman edir.
Qeyd edək ki, aprelin 29-dan oktyabrın 7-dək davam edəcək sərgidə müxtəlif ölkələr bağçılıq, gülçülük, meyvə və tərəvəz yetişdirilməsi sahəsində nailiyyətlərini nümayiş etdirəcəklər. Sərgidə xarici ölkələr və beynəlxalq qurumlar üçün nəzərdə tutulan hissə Avropa, Afrika, Asiya, Amerika və Okeaniya, habelə ayrıca beynəlxalq təşkilatlar bölməsindən ibarət olacaq. Sərgi günlərində hər bir ölkə öz tədbirlərini, o cümlədən milli günlərini, mədəni proqramları, forumları təşkil edə biləcək. Proqnozlara görə, təxminən 16 milyon nəfər “Pekin 2019” bağçılıq sərgisini ziyarət edəcək. Sərgi günlərində 2500-dən çox mədəni tədbirin keçirilməsi nəzərdə tutulub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin