CƏMİYYƏT
Penitensiar Xidmətin müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Səyavuş Elşad oğlu İbrahimova tanışı Ucar şəhər sakini Elşən Tapdıq oğlu Musayev tərəfindən göndərilmiş sovqata baxış keçirilib. Baxış zamanı orada olan bişirilmiş toyuq ətinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,836 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,763 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.